Qadın və Uşaq Sığınacağı · Bakı
Haqqımızda
“Mehriban” Qadın və Uşaq Sığınacağı 2006-cı ildən Bakıda fəaliyyət göstərir. Zorakılığa məruz qalmış qadınlar, uşaqlar və valideyn himayəsindən məhrum uşaqlar burada yaşayır, oxuyur və yeni həyata hazırlaşır.

- 2006ildən fəaliyyət göstərir
- AkkreditasiyalıƏdliyyə Nazirliyi tərəfindən
- 60-a yaxınqadın və uşaq üçün yer
- 650-yə yaxınana və uşaq ildə kömək alır
Tariximiz
Sığınacaq 2006-cı ildən fəaliyyət göstərir və Ədliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş təşkilatdır. Burada zorakılığa məruz qalmış qadınlar, uşaqlar və valideyn himayəsindən məhrum uşaqlar məskunlaşır.
Hər şey kiçik bir mənzildən başlayıb. Sədrimiz Mehriban Zeynalova kömək istəyən qadınları öz evində qəbul edirdi. Sığınacaq illər ərzində beş dəfə yer dəyişib.
Qadınları və uşaqları bizə polis və dövlət qurumları yönləndirir, küçədə qalan qadınlar da bizə müraciət edir. Sığınacaqda onlar təhlükəsiz yaşayır, uşaqlar məktəbə gedir, könüllü həkimlər onları ödənişsiz müayinə edir.
2025-ci ildə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sığınacağı mükafatlandırdı. Müharibə dövründə Ukrayna vətəndaşlarına sığınacaq vermiş, ölkələrinə qayıdana qədər onlara qayğı göstərmişdik. Bu mükafatı Azərbaycan dövlətinin və çətin anlarda yanımızda olan vətəndaşlarımızın da mükafatı sayırıq.
Məqsədimiz
Məqsədimiz zorakılıqdan qaçan qadına və uşağa təhlükəsiz ev verməkdir. Sonrakı addımlar da bizim üçün eyni dərəcədə vacibdir: təhsil, sağlamlıq, peşə və doğmalarla yenidən bağ.
Bir uşağı qorumaq başlanğıcdır. Biz onun öz ayaqları üzərində dayanacağı günə qədər yanında olmaq istəyirik. İnanırıq ki, çətin keçmiş insanın gələcəyini müəyyən etməməlidir.
Hər uşaq öz evində, öz ailəsinin yanında daha xoşbəxtdir. Ona görə uşağın doğmalarının yanına təhlükəsiz qayıtdığı günü ən sevincli günlərimizdən sayırıq.

Sədrimiz
Mehriban Zeynalova
Sədr
Mehriban Zeynalova Gəncədə doğulub. Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunu bitirib, fəlsəfə doktorudur.
Çətinliyi kənardan tanımır: illər əvvəl özü də iki azyaşlı övladı ilə evsiz qalıb. Sonra kömək istəyən qadınları öz mənzilində qəbul etməyə başlayıb. Sığınacaq belə yaranıb.
Uzun illərdir insan alveri qurbanlarına və zorakılıqdan zərər çəkən qadınlara kömək sahəsində çalışır. Daxili İşlər Nazirliyi yanında insan alveri qurbanları üçün sığınacağa rəhbərlik edib, beynəlxalq və yerli təlimlərdə təlimçi və ekspert kimi iştirak edib. Bir neçə monoqrafiyanın müəllifidir.
Bizə dəstək olanlar
Sığınacaq tək deyil. Uşaqlarımızı ödənişsiz müayinə edən həkimlər, dərs keçən könüllü müəllimlər, qızlarımıza praktika yeri axtaran ustalar və sahibkarlar, süfrəmizə ərzaq və uşaqlara bayram sevinci gətirən şirkətlər bizim dayağımızdır.
Ən böyük dəstək isə izləyicilərimizdən gəlir. Bir müraciətimizdən sonra yeni gələn qızların məktəb forması və ləvazimatı cəmi bir gündə təmin olundu. Hər birinizə minnətdarıq.
Necə kömək edə bilərsiniz
Kartla və ya onlayn ianə edə, lazım olan əşyaları gətirə, vaxtınızı və peşənizi bölüşə bilərsiniz.